Beyin iltihabı ( Ensefalit)

Beyinin iltihabına ensefalit deyilir. Ensefalitin əsas etioloji amili infeksiyadır. Bəzən müxtəlif ekzogen və endogen intoksikasiyalar da beyində həqiqi iltihabı xatırladan dəyişikliklər törədə  bilər. Əslində isə müxtəlif  toksik amillər, ilk növbədə, qan damarlarına təsir edib qan dövranının pozulmasına və beyində bəzi degenerativ dəyişikliklərə səbəb olduğu üçün, bu kimi hadisələrə toksik ensefalopatiya adı verilməsi daha münasib sayılır. Bir sıra infeksion allergik və allergik ensefalit formaları da qeyd edilir.
Ensefalitlər birincili və ikincili olur. Əgər ensefalit sərbəst bir xəstəlik  kimi cərəyan edirsə, buna birincili ensefalit deyilir. Başqa bir xəstəliyin ağırlaşması kimi qrip, qızılca, qarın yatalağı və s. meydana çıxırsa ikincili ensefalit deyilir. Birincili ensefalitlər, əsas etibarilə, süzülən neyrotrop viruslar nəticəsində baş verir. Bəzən müxtəlif mikroblar təsirindən də törəyə bilər. Birincili ensefalitlərdən epidemik ensefaliti, gənə, ağcaqanad ensefalitlərini, dağınıq ensefalomieliti və bir sıra digər nadir ensefalit formalarını qeyd etmək olar. Ensefalit anatomik yayılmasına görə diffuz və məhəlli şəkildə əmələ gələn ekssudatın xarakterinə görə isə irinli və irinsiz olur. Beyinin boz maddəsinin iltihablaşmasına polioensefalit, ağ maddəsinin iltihablaşmasına leykoensefalit deyilir. Məhəlli pozğunluq beyinin diensefal nahiyəsinə, beyin kötüyünə, qabıqaltı nüvələr nahiyəsinə və s. aid ola bilər.
Bəzən beyinin ayrı-ayrı sistemləri (beyincik, hərəkət sistemi və i. a.) pozula bilər.
Ensefalitlər gedişinə görə kəskin, yarımkəskin və xronik olur. Mövsümi ensefalit formaları da ayırd edilir.

 

Bizim həkimlər